HADİSƏ YERİNDƏN QAÇMIŞ SÜRÜCÜ TUTULMUŞDUR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 28-də Bülbülə qəsəbəsinin sakini Zəminə Quliyeva çanaq sümüyünün sınığı ilə xəstəxanaya gətirilmiş və bir gün sonra orada ölmüşdür.
Suraxanı Rayon Polis İdarəsinin 31-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Z.Quliyevanın Bülbülə qəsəbəsinin sakini Kamran Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomaşınla vurulması müəyyən edilmiş və şübhəli şəxs tutulmuşdur.
İyunun 30-da Səbail rayonu ərazisində dövlət qeydiyyat nişanları müəyyən edilməmiş “Mercedes” markalı avtomaşınla Sumqayıt şəhər sakini Emin Məcidov vurulmuşdur. Xəsarət almış E.Məcidov xəstəxanaya yerləşdirilmişdir.
Səbail Rayon Polis İdarəsində faktla bağlı cinayət işi açılmışdır, hadisə yerindən qaçmış sürücünün tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır.
Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakini Eltun Əliyev idarə etdiyi “VAZ-2107” markalı avtomaşınla Bakıxanov qəsəbəsinin sakinləri Cahan Nəhmətovanı və onun qızı İlhaməni vurmuşdur. Nəticədə xəsarət almış C.Nəhmətova və qızı İlhamə xəstəxanaya yerləşdirilmişlər. C.Nəhmətova orada ölmüşdür.
Hadisə ilə əlaqədar Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.