Hakimlər Komitəsinin sədri: Şamaxıda güləşin zəngin ənənələri var VİDEO
Şamaxı, 23 may, AZƏRTAC
Şamaxı güləş məktəbi 2022-ci ildən fəaliyyət göstərir və burada idmançıların peşəkar şəkildə yetişməsi üçün müasir şərait yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının Hakimlər Komitəsinin sədri Asif Şirəliyev qurum tərəfindən Şamaxıda təşkil edilən seminardan sonra jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, idman zalında güləşçilərin peşəkar şəkildə məşq etməsi və gələcəkdə çempion kimi formalaşması üçün bütün zəruri şərait mövcuddur.
“Şamaxıda güləşin zəngin ənənələri var və bu bölgə hər zaman istedadlı idmançıları ilə seçilib. Burada beynəlxalq səviyyəli güləşçilər yetişib. Hazırda da yaradılan şəraitdən yararlanan uşaqların gələcəkdə böyük uğurlar qazanacağına inanırıq. Perspektivli və potensiallı uşaqların sayı kifayət qədərdir. Hazırda məktəbdə 100-dən çox uşaq məşq edir”, - deyə A.Şirəliyev qeyd edib.
O, valideynlərə də müraciət edərək uşaqların idmana, xüsusilə güləşə yönləndirilməsinin vacibliyini vurğulayıb: “İdman uşaqların həm sağlam, həm də intizamlı böyüməsində mühüm rol oynayır”.
Müxbir - Cavid Əliyev