Nigeriya nazirliyinin katibi: Azərbaycan dayanıqlı inkişaf baxımından zəngin tarixə və mədəni irsə malikdir
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan dayanıqlı inkişafda mədəniyyətin, tarixin və təhsilin mühüm əhəmiyyət kəsb etdiyini nümayiş etdirir.
Bunu AZƏRTAC-a Nigeriyanın Niger ştatının Torpaq və Mənzil Tikintisi Nazirliyinin daimi katibi Abdul Hüseyni bildirib.
Onun sözlərinə görə, Azərbaycan dayanıqlı inkişaf baxımından mühüm əhəmiyyət kəsb edən zəngin tarixə və mədəni irsə malikdir. O vurğulayıb ki, dayanıqlı inkişaf yalnız ekoloji komponenti deyil, həm də onun əsasını təşkil edən təhsili əhatə edir.
Agentliyin həmsöhbəti qeyd edib ki, UNESCO-nun yanaşmalarına görə, formal, qeyri-formal və informal təhsil olmadan dayanıqlı inkişafa nail olmaq mümkün deyil. Bu baxımdan o, Azərbaycanın təhsil və peşəkar inkişaf sahəsində gördüyü işləri yüksək qiymətləndirib.
Abdul Hüseyni tarixi irsin qorunmasının əhəmiyyətini ayrıca vurğulayaraq bildirib ki, İçərişəhərdə mədəni və tarixi irsin gələcək nəsillər üçün qorunub saxlanılması istiqamətində mühüm işlər aparılır.
Nigeriya nazirliyinin nümayəndəsi əlavə edib ki, təhsil, mədəniyyət və tarixi irsin qorunmasının uzlaşdırılması dayanıqlı inkişafın əsasını təşkil edir. O, Azərbaycanın bu istiqamətdə düzgün yol nümayiş etdirdiyinə əminliyini ifadə edib.
Müxbir – Tamilla Məmmədova