“Yaşıl Elektrik Enerjisinin Ötürülməsi və Ticarəti” layihəsi çərçivəsində birgə şirkət yaradılacaq
Tbilisi, 22 may, AZƏRTAC
İstanbulda Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan nümayəndələrinin dördtərəfli görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə tərəflər regional əhəmiyyətli layihələri və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Görüşdə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Gürcüstanın iqtisadiyyat naziri Mariam Kvrivişvili və Bolqarıstanın energetika nazirinin müavini Kirill Temelkov iştirak ediblər.
Görüşdə regional enerji təhlükəsizliyinin, şaxələndirilməsinin və davamlı inkişafının yalnız sıx əlaqələndirmə və praktik birgə səylər nəticəsində mümkün olduğu qeyd edilib. Bu kontekstdə Yaşıl Enerjinin Ötürülməsi və Ticarəti Təşəbbüsünün regionun enerji resurslarını və bərpaolunan enerji potensialını Avropa bazarları ilə birləşdirən əsas platformaya çevrilmək üçün böyük potensiala malik olduğu bildirilib.
Sonda "Yaşıl Elektrik Enerjisinin Ötürülməsi və Ticarəti" layihəsi çərçivəsində dörd ölkənin ötürmə sistemi operatorları (TSO) tərəfindən texniki-iqtisadi əsaslandırmanı maliyyələşdirəcək və sonradan layihəni birbaşa idarə edəcək birgə şirkətin yaradılması barədə qərar qəbul edilib.
Bildirilib ki, hazırda texniki-iqtisadi əsaslandırma üçün texniki tapşırıq layihəsi hazırlanır və bu iş bir neçə ay ərzində başa çatdırılmalıdır. Layihə Azərbaycan və Gürcüstandan elektrik enerjisinin Türkiyə elektrik şəbəkəsi vasitəsilə Türkiyə və Bolqarıstana, daha sonra isə digər Avropa bazarlarına ötürülməsini nəzərdə tutur.