Həbib Nurməhəmmədov-Dastin Porye döyüşü başlayıb
Bakı, 8 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Qarışıq döyüş növlərinin (MMA) UFC 242 kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən rusiyalı Həbib Nurməhəmmədov və amerikalı Dastin Porye arasında döyüş başlayıb.
AZƏRTAC xəbər verir ki, görüş Əbu-Dabi şəhərində keçirilir.
Peşəkar arenada indiyədək məğlub olmayan Həbib Nurməhəmmədov bu görüşdə dünya çempionu kəmərini müdafiə etməyə çalışacaq.
Həbib 2018-ci ilin aprelində amerikalı El Yakvinta ilə döyüşdə çempion kəmərini qazanıb və o vaxtdan bəri kəməri özündə saxlayır. 2018-ci ilin oktyabr ayında o, irlandiyalı Konor Makqreqora qalib gələrək çempion adını uğurla saxlayıb.
Döyüşdən sonra hər iki komandanın üzvləri arasında kütləvi dava düşüb. Yanvarın 29-da Nevada ştatının atletika komissiyası irlandiyalı döyüşçünü 50 min dollar cərimələyib, altı ay müddətinə diskvalifikasiya edib. Rusiyalı döyüşçü isə doqquz ay müddətinə UFC yarışlarından kənarlaşdırılaraq 500 min dollar məbləğində cərimələnib.
Otuz yaşlı Nurməhəmmədov peşəkar rinqdə keçirdiyi 27 döyüşün hamısını qələbə ilə başa vurub.
Dastin Porye bu il aprelin 14-də öz həmvətəni Maks Hollouey ilə döyüşdə hakimlərin yekdil qərarına əsasən qalib gəlib və təşkilatın müvəqqəti çempionu titulunu qazanıb. Otuz yaşlı Poryenin aktivində 25 qələbə və 5 məğlubiyyət var, daha bir döyüş isə baş tutmamış hesab edilib.