Həkim-terapevt: Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçib
Bakı, 17 iyun, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alınaraq hər il iyunun 17-si Azərbaycanda tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. O dövrdən bu günədək Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçərək ildən-ilə daha da təkmilləşir.
Bunu AZƏRTAC-a açıqlamasında 6 nömrəli şəhər poliklinikasının həkim-terapevti Gülçin Quluzadə deyib.
Onun sözlərinə görə, yeni müasir avadanlıqlı güclü kadrlara malik müasir tipli xəstəxanaların, diaqnostika mərkəzlərinin həm paytaxtımızda, həm də regionlarda istifadəyə verilməsi Azərbaycanı qabaqcıl ölkələr səviyyəsinə çıxarmağa imkan yaradıb. Son illərdə əhalinin rifahı üçün nəzərdə tutulmuş tibbi sığorta sisteminin tətbiqi, xəstələrin təminatsız həkim qəbulundan keçməsi xüsusilə təqdirəlayiqdir. Bütün bunlar səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edib.
“Bu işdə əhaliyə xidmət göstərmək, xəstələri sağlamlığına qovuşdurmaq biz həkimlərin öhdəsinə düşür. Bunu şərəf və ləyaqətlə icra etmək bizim həm vəzifə, həm də insanlıq borcumuzdur. Gecə-gündüz istirahət etmədən hər an insanların sağlamlığının keşiyində duraraq əlimizdən gələn yardımı əsirgəməməyə çalışırıq. Xüsusilə pandemiya dövründə koronavirus infeksiyasına qarşı mübarizədə, daha sonra 44 günlük Vətən müharibəsində yaralı əsgərlərimizə köməyini əsirgəməyən həkim və tibb işçilərinin həyatlarını risk altına ataraq böyük əzmkarlıqlar göstərməsi bunu bir daha sübut edir. Bu onu göstərir ki, tibb işçiləri cəmiyyəti və insanları qoruyan müqəddəs peşə sahibləridir”, - deyə G.Quluzadə vurğulayıb.