Hər bir gənc qəhrəmanlarımızı tanımalı, onların keçdiyi həyat yolundan örnək götürməlidir
Ağcabədi, 21 oktyabr, AZƏRTAC
Vətən uğrunda şəhidlik zirvəsinə ucalmaq böyük şərəfdir. Hər bir gənc qəhrəmanlarımızı tanımalı, onların keçdiyi həyat yolundan örnək götürməlidir. Şəhidlərin xatirəsini yaşatmaq, onları gəncliyə tanıtmaq hər kəsin vətəndaşlıq borcudur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ağcabədi, Zərdab, Füzuli rayon Heydər Əliyev mərkəzlərinin birgə təşkilatçılığı ilə Vətən müharibəsinin ildönümünə və şəhidlərimizin xatirəsinə həsr olunmuş “Hər bir şəhid xalqın qəhrəmanıdır” mövzusunda keçirilən onlayn tədbirdə səsləndirilib.
Ağcabədi, Zərdab, Füzuli rayon Heydər Əliyev mərkəzlərinin kollektivlərinin, Füzuli Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşlarının, eləcə də şəhidlərin ailə üzvləri və yaxınlarının iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Füzuli rayon Heydər Əliyev Mərkəzinin direktoru Şəhanə Kərimova, Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Rövşanə Əliyeva çıxış edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən, əsgər və zabitlərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışıb, adlarını şanlı tariximizə yazan, xalqımıza qələbə sevinci yaşadan şəhid və qazilərimizin ömür yolunun gənclərə nümunə olduğunu bildiriblər.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi Xanım İmanova Mərkəzdə nümayiş olunan “Vətən naminə şəhidlik zirvəsinə ucalanlar” başlıqlı sərgini virtual olaraq onlayn tədbir iştirakçılarına təqdim edib.
Füzuli Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı, şəhid Amil Rasim oğlu Hüseynovun həyat yoldaşı Xalisə Məmmədova çıxışında Vətən müharibəsi qəhrəmanlarının tanıdılmasında belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib. Şəhid Amil Hüseynov haqqında məlumat verərək, onun Amilin Xocavənd, Füzuli rayonları istiqamətində keçdiyi döyüş yolundan danışıb.
Çıxışlarda dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən yüksək dövlət qayğısından bəhs edilib. Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirənlərin xatirəsinin xalqımız tərəfindən daim əziz və uca tutulacağı bildirilib.