ELM VƏ TƏHSİL
Hər bir ixtisas qrupunun abituriyentləri üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı vəsaitlər çap ediləcəkdir
Bakı, 14 iyul (AZƏRTAC). Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi iyulun 24-dən avqustun 5-dək aparılacaqdır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, qəbul aparılan ixtisaslar və onların kodları, ixtisaslar üzrə plan yerləri “Abituriyent” jurnalının 4-cü nömrəsində təqdim olunmuşdur.
TQDK ixtisas seçiminə kömək məqsədilə hər bir ixtisas qrupunun abituriyentləri üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı vəsaitlər çap edəcəkdir.
Vəsaitdə təhsil formaları (dövlət sifarişli və ödənişli), Azərbaycan və rus bölmələri üzrə ayrılıqda və hər iki bölmənin birgə müsabiqəsinə aid qəbul planları, müsabiqəyə buraxılma şərtləri, eyni zamanda, müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasına dair məlumatlar təqdim olunacaqdır.
Xatırladaq ki, abituriyentlərin ixtisas seçimi zamanı düzgün istiqamət götürmələrinə kömək məqsədilə ali və orta ixtisas təhsili müəssisələrinə ötənilki qəbul imtahanlarında formalaşmış keçid balları haqqında məlumatlar ayrıca vəsaitlərdə çap olunmuşdur.