CƏMİYYƏT
Hərb Tarixi Muzeyində “Müstəqillikdən Zəfərə!” adlı tədbir keçirilib
Bakı, 6 noyabr, AZƏRTAC
Noyabrın 6-da Azərbaycan Hərb Tarixi Muzeyində Vətən müharibəsində Qələbənin dördüncü ildönümünə həsr olunmuş “Müstəqillikdən Zəfərə!” adlı tədbir keçirilib.
Muzeyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə muzeyin rəisi polkovnik Əzizağa Qənizadə “Dəmir yumruq” əməliyyatı zamanı Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr vurduğunu qeyd edib.
“Müharibənin ilk günlərindən ordumuzun yüksək səviyyədə idarə olunması, qərargahların, əsgər və zabitlərimizin qəhrəmanlığı, fədakarlığı sayəsində düşmən döyüş meydanında ağır məğlubiyyətə uğradı. Ordumuzun şəxsi heyəti döyüşlərdə möhkəm intizam, yüksək hazırlıq nümayiş etdirdi və döyüş hazırlığı prosesində qazandığı nailiyyətləri uğurla tətbiq etdi. Müharibə günlərində ordumuzun hərb sənətinə gətirdiyi taktiki yeniliklər bu gün dünyanın güc mərkəzlərində diqqətlə araşdırılır.
Müharibə Ermənistanın tam məğlubiyyəti - kapitulyasiyası ilə yekunlaşdı. Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz tərk etməyə məcbur oldu. Beləliklə, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində düşmənin işğalçı qüvvələrini qısa müddətdə darmadağın etdi və ölkəmizin ərazi bütövlüyünün bərpasına nail oldu”.
Daha sonra Zəfər Gününə həsr olunmuş sənədli film nümayiş edilib.
Tədbirin bədii hissəsində 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvlərinin Zəfər sərgisi nümayiş olunub və onların ifasında hərbi-vətənpərvərlik mövzusunda kompozisiya təqdim edilib.
Sonda 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Elza Orucovaya və mərkəzin üzvlərinə fəxri fərmanlar təqdim olunub.
Tədbirdə Müdafiə Nazirliyinin hərbi hissələrinin, idarə və müəssisələrinin, ictimai birliklərin, təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.