HESABLAMA PALATASINDA “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN İQTİSADİYYATI” MÖVZUSUNDA ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Hesablama Palatasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi münasibətilə “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, ulu öndərin məzarını ziyarət etmiş, xatirəsinə ehtiramlarını bildirmişlər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuşdur.
Sonra ulu öndər haqqında kitabların sərgisi ilə tanışlıq olmuşdur.
Çıxışına “Bugünkü qüdrətli və zəngin Azərbaycan möhkəm təməlləri ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş nəhəng və sistemli fəaliyyətin məntiqi yekunu və şah əsəridir” sözləri ilə başlayan Palatanın sədri Heydər Əsədov qeyd etmişdir ki, müdrik siyasətçi Azərbaycanın hərtərəfli inkişafının uzun ömurlülüyünü təmin edən təkmil irs, dövlətçilik xətti, siyasi məktəb yaratmışdır və bu ənənə layiqincə davam etdirilir. Ulu öndərin ölkə iqtisadiyyatına verdiyi töhfədən danışan natiq bildirmişdir ki, ölkəmizdə ilk dəfə makroiqtisadi mühitin tənzimlənməsi proqramı ilə bağlı məhz Heydər Əliyev tapşırıq vermişdir. Azərbaycana güzəştli kreditlərin verilməsi, əhaliyə torpaqların paylanılması da onun təşəbbüsüdür. Dahi rəhbərin apardığı maliyyə siyasəti nəticəsində bu sahədə çoxsaylı problemlər tezliklə aradan qaldırılmışdır.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışmış, ulu öndərin siyasi xəttinin dövlətimizin başçısı tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. O əlavə etmişdir ki, Heydər Əliyevin həyata keçirdiyi iqtisadi inkişaf strategiyası ölkənin sosial-iqtisadi həyatında keyfiyyətcə yeni mərhələ açmışdır.
Digər çıxış edənlər vurğulamışlar ki, xalqımızın bu günü və gələcəyi naminə gördüyü işlər Heydər Əliyevə tariximizin yaddaşına əbədi həkk olunmaq hüququ, doğma xalqının qəlbində əbədi yaşamaq səadəti qazandırmışdır.