Heydər Əliyev adına Liseydə Zəfər Günü qeyd olunub
Bakı, 4 noyabr, AZƏRTAC
Heydər Əliyev adına Liseydə Zəfər Gününə həsr olunan tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a liseydən məlumat verilib. Tədbirdə Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Liseyin direktoru Sevinc Orucova çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qızıl hərflərlə yazdığı tarixə nəzər salıb: “Şanlı Qələbəmiz yolunda canlarından keçmiş bütün şəhidlərimizin qarşısında baş əyir və qazilərimizə Allahdan şəfa diləyirik”.
YAP-ın Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Vətən müharibəsi iştirakçısı Xəqani Orucov və “Zəfər tarixi” dərsliyinin müəlliflərindən liseyin tarix müəllimi Hafiz Cabbarov Vətən müharibəsi günlərindən bəhs ediblər.
Sonra liseyin şagirdləri şeirlər söyləyib, mahnılar ifa ediblər. Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlıqları ilə bağlı şagirdlərin hazırladığı videoçarxlar nümayiş olunub.
İştirakçılar liseyin məzunu şəhid Cavid Manafovun adına hazırlanmış Cavid otağı ilə tanış olublar.
Tədbirdə liseyin məzunu şəhid Cavid Manafovun ailə üzvləri, Vətən müharibəsi iştirakçıları, YAP-ın Xətai rayon təşkilatının və Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.