“Heydər Əliyev fenomeni və Azərbaycanda insan hüquqları” mövzusunda videokonfrans keçirilib
Bakı, 10 iyun, AZƏRTAC
İyunun 10-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şəki Regional Mərkəzi və İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev fenomeni və Azərbaycanda insan hüquqları” mövzusunda videokonfrans keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, konfransda Ombudsmanın Şəki Regional Mərkəzinin, İsmayıllı Şəhər Gənclər və İdman İdarəsinin, rayon icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin, eləcə də Qəbələ Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və fəal gənclər iştirak ediblər. Videokonfransda qeyd olunub ki, demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylər göstərir. 1998-ci il iyunun 18-də ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının tərəqqisini məhz insan meyarının inkişaf etdirilməsində görərək insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olan Milli Dövlət Proqramını təsdiq edib.
Maraqlı keçən görüşdə fəal gənclərlə birgə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.