HEYDƏR ƏLİYEV MUZEYİNİN AÇILIŞI
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 29-da Ucar şəhərində Heydər Əliyev muzeyinin təntənəli açılış mərasimində iştirak etmişdir.
Muzey şəhərin Nərimanov küçəsində, ulu öndərin adını daşıyan parkda müasir memarlıq üslubunda inşa edilmişdir. Yerli sənətkarlar tərəfindən daxili imkanlar hesabına tikilmiş binanın geniş salonunda görkəmli dövlət xadimi və siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərini, o cümlədən xarici ölkələrə səfərlərini əks etdirən fotoşəkillər toplanmışdır. Heydər Əliyevin 1978-ci ildə Ucar rayonuna səfərinə həsr olunmuş ayrıca bölmə Prezident İlham Əliyevdə xüsusi maraq doğurdu. Muzeydə ümummilli liderin büstü də qoyulmuşdur.
Muzey həm də Heydər Əliyevin zəngin irsinin öyrənilməsində ideoloji mərkəz rolunu oynayacaqdır. Məktəblilər, rayona gələn qonaqlar burada ulu öndərin həyat və fəaliyyəti ilə bağlı geniş məlumat əldə edə biləcəklər. Prezident İlham Əliyevə “Xalqın yaddaşında əbədi yaşayan ulu öndər” fotoalbomu təqdim olundu.
Dövlətimizin başçısı muzeylə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazdı:
“Heydər Əliyev muzeyində nümayiş etdirilən fotoşəkillər ulu öndərin həyat və fəaliyyətinin bəzi məqamlarını əks etdirir.
Bütün dövrlərdə ümummilli lider Heydər Əliyev doğma xalqına sədaqətlə xidmət etmişdir. Onun Ucar rayonuna səfəri rayonun inkişafına böyük təkan vermişdir.
Bu gün də Ucar rayonu uğurla inkişaf edir və ulu öndər Heydər Əliyevin ideyaları və siyasəti yaşayır və əbədi yaşayacaqdır.
Bütün ucarlılara öz dərin hörmət və məhəbbətimi bildirirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
29.06.2006”.