HEYVANDAR FERMERLƏRİN İŞ TƏCRÜBƏSİ ÖYRƏNİLİR
Bərdə rayonunda ictimai mal-qaranın özəlləşdirilməsi heyvandarlığın inkişafına böyük təkan vermişdir. Son on ildə qaramalın sayı 62 min 100 başa, qoyun-keçilərin sayı isə 124 min 600 başa çatdırılmışdır. Ötən il 35 min ton ət, 28 min ton süd istehsal olunmuşdur. Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Hacallı və Nazırlı kəndlərindəki fermerlər ətlik mal-qaranın kökəldilib satılmasında yüksək nailiyyətlər qazanmışlar. Respublika Kənd Təsərrüfatı Nazirliyi həmin fermerlərin iş təcrübəsinin öyrənilib yayılması barədə qərar qəbul etmişdir.