Hindistan hakimiyyəti buzlaq sürüşməsi nəticəsində 130 nəfərin öldüyünü etiraf edib
Bakı, 23fevral, AZƏRTAC
Fevralın 7-də buzlaq sürüşməsinin baş verdiyi Hindistanın Uttarakhand ştatının hakimiyyət orqanları təbii fəlakət nəticəsində itkin düşən 130 nəfərin həlak olmuş kimi qəbul edilməsi prosesinə başlayıb.
AZƏRTAC “Times of India” qəzetinə istinadla xəbər verir ki, ştat hökuməti buzlaq sürüşməsi zamanı itkin düşənlərin qohumlarına ölüm haqda şəhadətnamə almağa imkan verəcək rəsmi bildiriş dərc edib. Hindistan qanunlarına əsasən, təbii fəlakət nəticəsində itkin düşən şəxslərdən 7 il xəbər çıxmasa, onlar rəsmən ölmüş elan olunurlar. Lakin bu dəfə həlak olanların ailələrinin təzminat ala bilmələri üçün həmin qaydadan imtina edilib.
Bir qədər əvvəl ştat hökuməti həlak olanların ailələrinə 400 min rupi (5,5 min dollar) həcmində təzminat verildiyini bildirib, mərkəzi hakimiyyət isə öz növbəsində onlara əlavə olaraq 200 min rupi (2,75 min dollar) ödəməyi üzərinə götürüb.
Bu arada India TV telekanalı axtarış-xilasetmə əməliyyatı zamanı tapılan cəsədlərin sayının 70-ə çatdığı və daha 29 cəsədin hissələrinin aşkarlandığı barədə məlumat yayıb.
Xatırladaq ki, fevralın 7-də nəhəng buz kütlələrinin sürüşərək Rişiqanq çayına düşməsi qəfil daşqına səbəb olub. Nəticədə çayın üzərindəki su elektrik stansiyası və beş körpü tamamilə dağılıb. Qanq çayının digər qolu üzərində tikilməkdə olan Tapovan elektrik stansiyasında da analoji hadisə yaşanıb.