Hindistanın Mumbai və İranın Çabahar liman şəhərləri arasında gəmi reysi istifadəyə verilib
Tehran, 29 yanvar, AZƏRTAC
ABŞ-ın iqtisadi sanksiyalarına baxmayaraq, Hindistanın Mumbai və İranın Çabahar liman şəhərləri arasında gəmi reysi istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, 2 həftədə bir dəfə yük gəmisi konteynerləri Hindistandan İrana daşıyacaq.
İranın Çabahar limanın rəhbəri Bəhruz Ağayi bildirib ki, ilk reys ötən gün həyata keçirilib və Mumbaidən Çabahara 3 min 700 konteyner daşınıb.
Çabahar İranın Sakit okean sahilində olan yeganə liman şəhəridir. Hindistan bu limanın inkişafına 85,21 milyon dollar həcmində sərmayə yatırıb və 10 il müddətində limanın bir hissəsini icarəyə götürüb.
Bununla yanaşı, Çabahar Azad İqtisadi Zonasında (AİZ) 400 şirkət qeydiyyatdan keçib ki, onların da 15 müxtəlif xarici dövlətlərə məxsusdur. Bu barədə məlumat verən AİZ-in baş direktoru Əbdül Rəhim Kürdinin sözlərinə görə bu şirkətlər istehsal, ixrac və idxal əməliyyatları ilə məşğul olacaq.
Qeyd edək ki, İranın Fars körfəzi sahilindəki Bəndər Abass limanı ilə yanaşı, Çabahar limanı da Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında mühüm rol oynayır. Hindistan ilə yanaşı, Cənub Şərqi Asiya ölkələri Avropa ilə məhz bu dəhliz vasitəsi ilə iqtisadi və ticarət əlaqələrini genişləndirmək niyyətindədirlər. Belə olan halda Cənub Şərqi Asiya ölkələri yüklər Çabahara daxil olacaq oradan isə qatarla Qəzvin-Rəşt-Astar (İran)-Astara (Azərbaycan) dəmir yolu vasitəsilə Rusiya və Avropaya daşınacaq. Yüklərin əks istiqamətdə də bu yolla daşınması Azərbaycanın nəqliyyat yollarının kəsişmə məntəqəsinə çevriləcəyinə şübhə yaratmır.
Artıq İran ilə Azərbaycanın Astara şəhərlərini birləşdirən dəmir yolu istifadəyə verilib. İran Rusiya ilə idxal-ixrac əməliyyatlarını bu yolla həyata keçirir. Çabaharın yük aşırımın artması isə Azərbaycan ərazisindən tranzit yükdaşımanın da artacağını deməyə əsas verir. Bu isə Azərbaycanda qeyri-neft sektorunun inkişaf etməsinə, əlavə iş yerlərinin yaradılmasına və dövlət büdcəsinə əlavə vəsaitin daxil olmasına imkan verir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran