“Hökumət ödəniş” portalı “Elektron hökumət”ə inteqrasiya olunub
Bakı, 12 sentyabr, Xatirə Cəfərova, AZƏRTAC
Məlumat Hesablama Mərkəzinin ən böyük müvəffəqiyyəti "Hökumət ödəniş" portalının “Elektron hökumət” portalına inteqrasiyasıdır.
Bu barədə AZƏRTAC-a məlumat verən mərkəzin direktoru Mail Mərdanov qeyd edib ki, Nazirlər Kabinetinin qərarına əsasən, informasiya sistemlərinin inteqrasiyası işlərinə 6 ay əvvəldən başlanılıb. Cari ildə portal üzrə görülən işlərdən bəhs edən M.Mərdanov bütün qurumlarla aparılan birgə əməkdaşlıq sayəsində mövcud çoxşaxəli informasiya sisteminin genişləndirilməsini vətəndaşyönümlü xidmətlərin yaradılması üçün əhəmiyyətli baza olduğunu qeyd edib.
Bildirilib ki, “Hökumət ödəniş” portalı müxtəlif ödənişləri “Kommunal”, “Rabitə”, “İpoteka”, “Büdcə” kimi qruplarda birləşdirir. Vətəndaş istənilən qrup üzrə ödəniş etmək üçün xidmətin adını və tələb olunan informasiyaları daxil edərək yaratdığı xidməti yadda saxlaya və ödənişi reallaşdıra bilər. Sistem üzrə bütün sahələr üzrə ödənişlərin tarixi saxlanılır və istənilən vaxt baxılması mümkündür. Həmçinin yeni sistem vasitəsilə vətəndaş bir neçə xidmət üçün ödəniş etmək imkanına sahib olacaq. Portalda əks olunan “Kommunal” bölməsində “Azəriqaz” İB, “Azərsu”, “Azəristiliktəchizat” və “Azərişıq” ASC-lər üzrə çevik və operativ ödəniş etmək mümkündür.
“Rabitə” bölməsi “Azərcell Telekom” MMC, “Nar”, “Bakcell” stasionar telefon xidmətləri üzrə ödənişləri bir arada toplayır. Vətəndaşlar rabitə borcunu vahid məkandan faydalanaraq ödəyə biləcəklər. “İpoteka” bölməsi üzrə kreditin kodu daxil olunmaqla çevik ödəniş təmin ediləcək.
“Büdcə” bölməsində isə Dövlət Miqrasiya Xidməti, Dövlət Sosial Müdafiə Fondu, Energetika, Fövqəladə Hallar, Vergilər, İqtisadiyyat və Sənaye, Daxili İşlər nazirliklərinin, Dövlət Gömrük və Əmlak Məsələləri üzrə Dövlət komitələrinin ödəniş xidmətləri inteqrasiya olunub. Artıq vətəndaşlar cərimə, dövlət rüsumu kimi ödənişləri portal üzərindən reallaşdıracaqlar.
“Məlumatları yenilə" üstünlüyü ilə istifadəçi bəzi fərdi məlumatları sistem tərəfindən dərhal əldə edə bilir. “Yadda saxla” və “İmtina” düymələri vasitəsilə məlumatdan faydalanmaq imkanı verilir. Axtarış servisi ilə isə xidmətlər üzrə axtarış etmək sadələşdirilib.
Vətəndaşlar “Elektron hökumət” portalından bütün ödənişlərini reallaşdırdığı vaxtda digər xidmətlərə də müraciət edə biləcək. Beləliklə, “Elektron hökumət”in mühüm prinsipi olan “bir pəncərə” üzrə xidmət təminatı ödənilmiş olacaq.