Hollandiya millisi futbol üzrə dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlmişdir VİDEO
Bakı, 29 iyun (AZƏRTAC). Braziliyada futbol üzrə XX dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, iyunun 29-da Fortaleza şəhərindəki “Kastelao” stadionunda mundialın pley-off mərhələsi çərçivəsində Hollandiya və Meksika milli komandaları qarşılaşmışlar.
Portuqaliyalı baş hakim Pedro Proencanın idarə etdiyi oyunun 48-ci dəqiqəsində Meksika millisinin futbolçusu Giovani Dos Santos hesabı açmışdır. Matçın 89-cu dəqiqəsində hollandiyalı futbolçu Vesley Sneiyder hesabı bərabərləşdirmişdir - 1:1.
Meksika millisinin futbolçu Rafael Markezin kobud oyunu on bir metrlik cərimə zərbəsi ilə nəticələnmişdir. Penalti zərbəsini dəqiq yerinə yetirən Hollandiya yığmasının üzvü Klass-jan Huntelaar komandasının qələbəsini rəsmiləşdirmişdir - 2:1. Bu qələbə ilə Hollandiya millisi dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlmişdir. Komandanın növbəti mərhələdəki rəqibi Kosta-Rika - Yunanıstan cütünün qalibi olacaqdır.