Hövsanda şəhidlərin xatirəsinə yaradılmış bulaq-abidə kompleksinin açılışı olub
Bakı, 16 noyabr, AZƏRTAC
Paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində Vətən müharibəsi şəhidi leytenant Yusubov Elzar Süleyman oğlunun adının əbədiləşdirilməsi məqsədilə inşa edilmiş bulaq-abidə kompleksinin açılışı olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə nazirliyin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev və klubun əməkdaşları, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının, eyni zamanda, rayonda fəaliyyət göstərən dövlət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər, qəsəbə sakinləri və mətbuat nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən polkovnik Füzuli Musayev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun qazandığı Zəfərin əhəmiyyətindən danışıb, torpaqlarımızın azad olunması uğrunda canından keçmiş şəhidlərimizin misilsiz xidmətlərindən bəhs edib. Klub rəisi şəhid ailələrinə başsağlığı verib, qazilərimizə cansağlığı arzulayıb.
Tədbirdə şəhid Elzar Yusubovun təhsil aldığı Suraxanı rayon Ə.Məmmədov adına 76 nömrəli tam orta məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Şəhidin anası Günəş Daşdəmirova mərasimdə çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.
Qeyd edək ki, Azərbaycan Ordusunun leytenantı Elzar Yusubov 2020-ci ildə oktyabrın 8-də Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Elzar Yusubov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.