“HR Talks” layihəsinin birinci modulu yekunlaşdırılıb
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə reallaşdırılan “HR Talks” layihəsinin birinci modulu üzrə yekun hesabat görüşü keçirilib. “HR Talks” tələbə və gənclərin pandemiya zamanı asudə vaxtlarını şəxsi inkişaflarına sərf etmələrini prioritet məqsəd kimi müəyyənləşdirmiş sosial layihə kimi həyata keçirilib. Birinci modulda 10 təqdimat olub.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov layihəni dəstəklədiyini deyib, təqdimatçılara təşəkkür edib. Rektor bu cür layihələrin gənc məzun və tələbələr üçün önəmindən bəhs edib, iştirakçılara uğurlar arzulayıb.
Layihənin rəhbəri, ATMU-nun Karyera və kommunikasiya şöbəsinin sənaye ilə əməkdaşlıq üzrə mütəxəssisi Aida Bayramova görüşdə yekun hesabatı diqqətə çatdırıb. Qeyd edib ki, indiyə kimi layihə üçün qeydiyyatdan keçənlərin sayı 811 nəfər olub, sosial şəbəkələr üzərindən orta hesabla hər çıxış 480 nəfər tərəfindən izlənilib.
Aida Bayramova vurğulayıb ki, layihə yalnız məzun gənclər və tələbələr üçün deyil, pandemiya dövründə işini itirmiş şəxslər üçün də faydalıdır. Layihənin əsas məqsədlərindən biri məhz iştirakçıların əmək bazarı ilə yaxından tanış olması və bununla da işsizlik probleminin aradan qaldırılmasıdır. Belə ki, layihə çərçivəsində bir neçə ATMU məzunu işlə təmin edilib və onların məşğulluq problemi aradan qalxıb. Layihə iştirakçılarının 60 faizi digər universitetlərin tələbələri olub. Ümumilikdə layihəni izləyənlərin 40 faizi regionda yaşayan gənclər olub.
Tədbirdə bütün görüşlərdən bəhs edən video göstərilib.
Sonda rektor İlham Mədətov təlimçilərə təşəkkürnamələr təqdim edib.
Layihənin reallaşdırılmasında ATMU-nun əməkdaşlarının, eləcə də qrafik dizayner Elçin Mahmudzadənin və Dövlət Məşğulluq Agentliyinin İnsan resursları şöbəsinin direktoru Emil Hüseynovun dəstəyi olub.
Qeyd edək ki, “HR Talks” layihəsi çərçivəsində keçirilən bütün görüşləri universitetin rəsmi “Facebook” səhifəsindən izləmək mümkündür.