“HÜQUQİ DÖVLƏTİN QURULMASINDA KONSTİTUSİYANIN ROLU” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS BAŞA ÇATMIŞDIR
Azərbaycan Konstitusiyasının 10 illiyinə həsr olunmuş konfransın ikinci iş günü Azərbaycan Respublikasından İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Xanlar Hacıyevin və Avropa Şurası Venesiya komissiyasının katibi Canni Bukikkionun sədrliyi ilə davam etdirilmişdir.
“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında beynəlxalq hüquq normalarının tətbiqi vasitəsi ilə hüququn aliliyinin təmin olunması”, “İsrailin əsas qanunları”, “Hüquq dövlətçiliyi və hakimiyyətin bölünməsinin konstitusion doktrinası”, “Hüququn aliliyində Norveç Konstitusiyasının rolu”, “Çexiya Respublikası və keçmiş Çexoslovakiyanın Konstitusiya Məhkəməsinin qısa tarixi və qanunun aliliyində rolu”, “Azərbaycan Konstitusiyasının iqtisadi və sosial ölçüsü” mövzularında məruzələr dinlənilmiş və müzakirələr aparılmışdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev konfransın işinə yekun vuraraq, bu mötəbər tədbirdə iştirak etdiklərinə və dəyərli məruzə və çıxışlarına görə iştirakçılara təşəkkür etmiş, tədbirin əməkdaşlar üçün faydalı olduğunu bildirmişdir.
Xatırladaq ki, konfransda dünyanın çoxsaylı ölkələrindən gəlmiş nümayəndələr - Rusiya, Moldova, Gürcüstan, Slovakiya, Bolqarıstan konstitusiya məhkəmələrinin sədrləri, Azərbaycan, Türkiyə, Rumıniya, Ukrayna, İsrail, Almaniya, Cənubi Koreya, Norveç, Estoniya, Çexiya, Litva, Polşa konstitusiya və ali məhkəmələrinin hakimləri iştirak etmişlər.