Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası Hyustonda Azərbaycan bəstəkarının operasının premyerasını təşkil etmişdir
Bakı, 11 may (AZƏRTAC). Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının təşkilatçılığı ilə “Houston Grand Opera”nın səhnəsində tanınmış bəstəkar, Xalq Artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin “Adın Dənizdir” (“Your Name Means the Sea”) operasının premyerası olmuşdur.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, altı musiqiçinin səsləndirdiyi və dörd ifaçının oxuduğu 30 dəqiqəlik bu operada amerikalı gənc qız, rəssam Denise (Azərbaycan dilində “Dəniz” mənası verir və bundan sonra belə adlandırılacaqdır) ilə azərbaycanlı gənc müğənni Seymur arasında olan məhəbbətdən, onların sevgisinin və sənətinin etnik və dini fərqlərin yaratdığı problemlərin öhdəsindən gələ bilmək iqtidarında olmasından bəhs olunur.
Dəniz və Seymurun məhəbbəti iki musiqi cərəyanı vasitəsilə təqdim olunur. Üç skripka və bir fleyta Dəniz və onun atasının partiyalarını müşayiət edir. Tar, kamança və ənənəvi muğam ifası isə Seymur və onun anasının hekayətini müşayiət edir və Şərq musiqisini təmsil edir.
Dənizin partiyasını hyustonlu soprano Lora Botkin, atasını amerikalı bariton Con Pakkard, Seymurun partiyasını tenor Babək Niftəliyev, anasını isə messo-soprano-soprano, Azərbaycanın Xalq Artisti Mələkxanım Əyyubova ifa etmişlər.
Bəstəkar Firəngiz Əlizadənin doğma Vətəni - Azərbaycanın milli musiqisi ilə müasir dövrün musiqisini məharətlə sintez etməsi tamaşaçılar tərəfindən maraqla qarşılanmış və dəfələrlə alqışlanmışdır.
Amerika mətbuatı Firəngiz Əlizadənin stilindən bəhs edərək onun Şərqin modal baxışlarının Qərbin konstruktiv elementlərinə rahat şəkildə keçən iki ayrı dünyaya aid musiqini cəsarətlə sintez etdiyini vurğulamışdır.
Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin “Adın Dənizdir” operası mayın 24 və 26-da ABŞ-ın daha iki səhnəsində tamaşaçılara təqdim olunacaqdır.