İQTİSADİYYAT
İcarəçinin balansındakı uçota alınmayan əsas vəsaitlərin təmir xərcləri necə hesablanmalıdır?
Bakı, 15 fevral, AZƏRTAC
Vergi Məcəlləsində 2022-ci il yanvarın 1-dən edilmiş dəyişikliyə əsasən, icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclər icarəçi tərəfindən kapitallaşdırılaraq təmir edilən əsas vəsaitin aid olduğu kateqoriya üzrə bu Məcəllənin 114.3-cü maddəsində müəyyən edilmiş amortizasiya dərəcəsi ilə amortizasiya olunur.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, təcrübədə rast gəlinən hallardan biri də icarəyə verən şəxsin təmir xərclərini icarə haqqı ilə əvəzləşdirmək istəməməsidir. Belə ki, vergiödəyicisi hər hansı şəxsdən satış və ya restoran üçün ofis sahəsi icarəyə götürdükdə, adətən, həmin sahəni fəaliyyət göstərdiyi əraziyə uyğunlaşdırır. Bu zaman vergiödəyicisi çəkdiyi təmir xərclərinin gəlirdən çıxılması ilə bağlı vergi qanunvericiliyində məhdudiyyətlər ilə qarşılaşırdı. Oxşar hala icarəyə götürülən avadanlıqların təmiri zamanı da rast gəlinirdi.
Son dəyişikliyə əsasən, vergiödəyicisi balansındakı uçota alınmayan əsas vəsaitlər üzrə təmir xərclərini amortizasiya ayırmaları şəklində gəlirdən çıxılan xərclərə aid edə bilər. İcarəyə götürülən əsas vəsaitin hansı kateqoriyaya aid olması onun təmir xərclərinin həmin əsas vəsait üzrə amortizasiya normasının müəyyənləşdirilməsinə kömək edir.
Digər maraqlı məqamlardan biri də Vergi Məcəlləsinin 114.3-1-ci və 114.3-2-ci maddələrinin tətbiqi ilə əlaqədardır. Həmin maddələrə əsasən, mikro və kiçik sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən edilən amortizasiya normalarına müvafiq olaraq 2 və 1,5 əmsalı tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.