ICESCO “İslam dünyası postpandemiya dövründə” adlı simpozium keçirib
Qahirə, 7 aprel, AZƏRTAC
İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) “İslam dünyası postpandemiya dövründə” mövzusunda virtual simpozium keçirib.
AZƏRTAC xəbər verir ki, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl Malik tədbiri açaraq pandemiyanın İslam ölkələrinin təhsil, elm və sosial sahələrinə mənfi təsirindən ətraflı bəhs edib. O qeyd edib ki, ötən ilin martında hər kəs COVID-19 infeksiyasının bir ildən də tez bir müddətdə başa çatacağını güman edirdi. Lakin hazırda pandemiya ilə bağlı vəziyyət günü-gündən pisləşir. Bütün dünyada, o cümlədən İslam ölkələrində təhsilin davamlılığına mənfi təsir göstərən bu görünməmiş bəla yeni reallıqları üzə çıxarıb. Bunları nəzərə alaraq, ICESCO virtual təhsil imkanlarının yaxşılaşdırılması, habelə pandemiya ilə mübarizə və İslam irsinin qorunması sahələrində yeni təşəbbüslərlə çıxış edib.
Simpoziumda çıxış edən Pakistanın keçmiş Baş naziri Yusuf Reza Gilani bildirib ki, İslam dünyası pandemiya ilə mübarizədə, xüsusən vaksinlərin ədalətli bölgüsündə səyləri birləşdirməlidir. Onun sözlərinə görə, varlı dövlətlər bu məsələdə yoxsul ölkələrə yardım etməli, səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində addımlar atılmalıdır. Eyni zamanda, pandemiyadan sonrakı dövrdə sivilizasiyalararası dialoqun da inkişafı, dünyada sosial-iqtisadi əziyyətin pisləşdiyi bir vaxtda münaqişələrin, İslamofobiyanın qarşısının alınması da mühüm vəzifə kimi qarşıda durur.
Sonra dünyanın nüfuzlu universitetləri və elm mərkəzlərinin alimləri postpandemiya dövründə İslam ölkələrində həyata keçirilməsi zəruri olan məsələlərlə bağlı fikirlərini bölüşüblər. Bir daha vurğulanıb ki, hazırda bütün dövlətlərin qarşısında duran ən mühüm vəzifə əhalinin vaksinasiyasıdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə