SİYASƏT
İÇƏRİŞƏHƏRLƏ TANIŞLIQ MACARISTANLI QONAQLARDA XOŞ TƏƏSSÜRAT DOĞURMUŞDUR
AZƏRTAC xəbər verir ki, Macarıstanın Baş naziri Ferents Dyurçanın başçılıq etdiyi nümayəndə heyəti iyulun 8-də qədim İçərişəhəri gəzmişlər.
Qoşaqala qapılarından başlanan gəzinti Karvansara ilə tanışlıqla davam etdirildi.
Nazirlər Kabineti yanında “İşərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Kamran İmanov Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılan idarə haqqında qonaqlara məlumat verdi, ötən əsrlərin yadigarı olan abidələrin qorunması və bərpasına göstərilən dövlət qayğısından danışdı.
Baş nazir Ferents Dyurçan və xanımı Klara Dobrev Karvansarada çay süfrəsinə dəvət edildilər.
Kamran İmanov burada qonağa xatirə hədiyyələri təqdim etdi. Baş nazir F.Dyurçan da K.İmanova hədiyyə verdi.
İçərişəhərin baş planı və Bazar meydanı ilə tanışlıqdan sonra macarıstanlı qonaqlara Qız qalasının tarixi barədə məlumat verildi.
######