İçməli su xətlərinin və kanalizasiya sistemlərinin çəkilişi istiqamətində lazımi tədbirlər görülür
Naxçıvan, 21 oktyabr, AZƏRTAC
Muxtar respublikada içməli su xətlərinin və kanalizasiya sistemlərinin çəkilişi istiqamətində görülən işlər uğurla davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic kəndlərində içməli su xətlərinin çəkilişi, Behrud və Kələki kəndlərində kaptajların, Ordubad rayon mərkəzində və Şəhriyar qəsəbəsində, Babək rayonunun Araz kəndində içməli su təchizatı və kanalizasiya sistemlərinin, Şərur rayonunun Sərxanlı kəndində içməli su şəbəkəsinin tikintisi başa çatdırılıb. Bundan əlavə, Şərur rayonunun Ərəbyengicə kəndi ərazisində 4, Babək rayonunun Nəzərabad və Şahbuz rayonunun Külüs kəndlərində əhalinin içməli su təminatını yaxşılaşdırmaq məqsədilə hər birində 1 subartezian quyusunun tikintisi başa çatdırılıb.
Babək, Kəngərli və Sədərək rayon mərkəzlərində, ətraf qəsəbə və kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Culfa rayonunun Yaycı, Kəngərli rayonunun Qarabağlar, Xok, Yurdçu və Qabıllı, Sədərək rayonunun Dəmirçi kəndlərində içməli su şəbəkələrinin tikintisi, Babək rayonunun Cəhri qəsəbəsində və Sirab kəndində içməli su xətlərinin çəkilişi davam etdirilib.