İCTİMAİ BİRLİK QAZAX ƏRAZİSİNDƏKİ ABİDƏLƏRİN BƏRPASINA BAŞLAYIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, konfransda Mədəniyyət Nazirliyinin, AMEA-nın, konfederasiyaya daxil olan müxtəlif qurumların nümayəndələri iştirak edirdilər.
Konfederasiyanın prezidenti Şəhriyar Rəsulov konfransı açaraq demişdir ki, Milli mədəni irslərin öyrənilməsi ictimai birliyi Qazax rayonu ərazisindəki tarix və memarlıq abidələrinin bərpası ilə əlaqədar layihə hazırlamışdır. Layihəyə əsasən, ərazidəki abidələr Mədəniyyət Nazirliyinin və AMEA-nın mütəxəssisləri tərəfindən bir daha dəqiqləşdiriləcək, onların bərpası planı tərtib ediləcək və işlərə başlanılacaqdır. Üç ilə nəzərdə tutulan bərpa işləri donorların vəsaiti hesabına görüləcəkdir.
Mədəniyyət Nazirliyinin nümayəndəsi Rizvan Bayramov, AMEA-nın müxbir üzvü Məşədixanım Nemətova, Müstəqil Memarlar Assosiasiyasının sədri Zemfira Budaqova, Avey dövlət qoruğunun direktoru Tofiq Saleh və başqaları Qazax rayonu ərazisindəki tarix, memarlıq və mədəniyyət abidələri - alban məbədləri, Didivan qülləsi, kurqanlar, Damcılı mağarası və s. haqqında məlumat vermiş, onların bərpa edilib gələcək nəsillərə çatdırılmasının zəruriliyini vurğulamışlar. Konfrans iştirakçıları Milli mədəni irslərin öyrənilməsi ictimai birliyinin təşəbbüsünü alqışlamış, gələcəkdə belə layihələrin respublikanın digər bölgələrində də reallaşdırılmasını arzulamışlar. Eyni zamanda, təklif olunmuşdur ki, tarix, memarlıq və mədəniyyət abidələrinin qorunması ilə əlaqədar əhali arasında izahat işləri aparılsın, telekanallarda bu mövzuda xüsusi verilişlər təşkil edilsin.