İctimai Ekoloji Şuranın növbəti iclası keçirilib
Bakı, 18 aprel, AZƏRTAC
Ekologiya və təbii sərvətlər naziri yanında yaradılmış İctimai Ekoloji Şuranın aprelin 18-də növbəti geniş iclası keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Şuranın üzvləri, vətəndaş cəmiyyətinin tanınmış təmsilçiləri və müstəqil ekspertlərin iştirakı ilə keçən iclasda bərk məişət tullantıları və qadağan edilmiş pestisidlərin idarə olunması sahəsində milli fəaliyyətlər, perspektivlər, milli parkların infrastrukturunun inkişafında vətəndaş cəmiyyətinin rolu kimi məsələlər müzakirəyə çıxarılıb.
Müvafiq fəaliyyət sahələrində vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulmasının nazirliyin əsas fəaliyyət prinsiplərindən biri olduğunu deyən Şuranın sədri, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib ki, 2010-cu ildən fəaliyyət göstərən İctimai Ekoloji Şura dövlət başçısının bütün fəaliyyət sahələrində ictimai nəzarətin həyata keçirilməsinə şərait yaradılması barədə müəyyən etdiyi siyasətin tərkib hissəsidir. H.Bağırov Şuranın iclaslarının bundan sonra da vətəndaş cəmiyyətinin bütün nümayəndələrinə açıq olacağını, istənilən məsələlərin ictimai müzakirəsinin təşkili üçün lazımi şəraitin yaradılacağını qeyd edib.
Sonra “Rüzgar” Ekoloji Cəmiyyətinin sədri İslam Mustafayevin bərk tullantılar və qadağan olunmuş pestisidlərin idarə olunmasına dair çıxışı dinlənilib və mövzu ətrafında müzakirələrə başlanılıb.
Mövzu ilə bağlı Ekoloji Proqnozlaşdırma Milli Mərkəzinin sədri Telman Zeynalov, Heyvanları Mühafizə Cəmiyyətinin sədri Azər Qarayev, Energetika, Ekologiya, Maarifçilik Mərkəzinin sədri Vaqif Əliyev və “Təbiət dostları” Gənclər Təşkilatının sədri Elşən Nuriyev rəy bildiriblər, təkliflər veriblər.
Milli parkların infrastrukturunun inkişafında vətəndaş cəmiyyətinin rolu ilə bağlı “Ekorenesans” İctimai Birliyinin sədri İrşad Abbasovun məruzəsi dinlənilib. Mövzu ətrafında müzakirələr aparılaraq Şura üzvləri tərəfindən müxtəlif təkliflər verilib.
Yekunda gündəlikdə duran hər bir məsələ ilə bağlı işçi qrupunun yaradılması, səsləndirilən rəy və təkliflərin ümumiləşdirilərək qısa vaxtda tövsiyələrin hazırlanıb Şuranın növbəti iclasında gündəliyə çıxarılması qərara alınıb.