CƏMİYYƏT
İctimai-siyasi Sənədlər Arxivində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bakı, 6 noyabr, AZƏRTAC
Noyabrın 6-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-siyasi Sənədlər Arxivində Zəfər Gününə həsr olunmuş “Zəfər yolu: 44 gün, 23 saat 43 dəqiqə..." adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl qonaqlar Arxivin binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra Arxivin foyesində tədbir iştirakçılarına Azərbaycan xalqının Vətən müharibəsindəki Şanlı Qələbəsini və bu Zəfərə aparan yolu əks etdirən sənədlər, fotoşəkillər və nəşrlərdən ibarət sərgi nümayiş olunub. Arxiv bələdçiləri qonaqlara “Yolumuz Qarabağadır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Böyük qayıdış”, “Qarabağ - milli-mənəvi dəyərlər ocağı” adlı stendlər barədə məlumat verərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun, müqəddəs amal uğrunda canından keçmiş şəhidlərimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və qazanılmış möhtəşəm tarixi Zəfərdən, azad olunmuş torpaqlarda aparılan quruculuq işlərindən bəhs ediblər.
Bununla yanaşı, tədbir iştirakçılarına Azərbaycan Rəssamlar İttifaqının üzvü, UNESCO nəzdində Beynəlxalq Professional Rəssamlar İttifaqının üzvü, "Miras" qrupunun yaradıcısı Nigar Helminin şanlı Zəfərə həsr olunmuş “Qarabağın mirası” mövzusunda sərgisi də nümayiş etdirilib.
Sonra tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova "Zəfər tariximizin memarları" mövzusunda məruzə ilə çıxış edib.
Daha sonra Milli Məclisin deputatı Fəzail İbrahimlinin, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilovun, fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abbasovanın və yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlillinin məruzələri dinlənilib.
Tədbirin sonunda Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.