İctimai və humanitar elmlərin ən perspektivli inkişaf istiqamətlərindən biri də “İpək Yolu” layihəsidir
Bakı, 1 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev AMEA-nın illik ümumi yığıncağında çıxış edib. “Elm qapalı mühitdə inkişaf edə bilməz, onun tərəqqisi üçün beynəlxalq elmi mühitə inteqrasiya zəruridir”, - deyən alim son zamanlar akademiyada beynəlxalq elmi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm işlər görüldüyünü vurğulayıb.
AZƏRTAC xəbər ki, Şahin Mustafayev ictimai və humanitar elmlərin ən perspektivli inkişaf istiqamətlərindən birinin də “İpək Yolu” layihəsi olduğunu deyib, bu layihənin xüsusilə son illərdə Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” strategiyası ilə dünyada aktuallıq qazandığını söyləyib. Bildirib ki, Azərbaycan dövləti bu strategiyanı dəstəkləməklə yanaşı, həm də özünün geniş iqtisadi və infrastruktur layihələri ilə bu sahədə fəal şəkildə iştirak edir.
O, Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə ərsəyə gəlmiş “Azərbaycan Böyük İpək Yolu üzərində” adlı fundamental monoqrafiya haqqında məlumat verib. Bildirib ki, bu kitabda ilk dəfə olaraq Azərbaycan tarixinin İpək Yolu ilə bağlı 1500 illik dövrü kompleks şəkildə tədqiq olunub.
Alim UNESCO ilə hərtərəfli və səmərəli əməkdaşlıq edən Azərbaycanın İpək Yolu ilə bağlı bəzi layihələrə də qatıldığını deyib, bu sahədə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, AMEA və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyanın fəaliyyətlərini xüsusi qeyd edib.
Akademikin sözlərinə görə, hazırda tarixi İpək Yolu ilə bağlı UNESCO-nun həyata keçirdiyi ən irihəcmli proqram “İpək Yolu abidələrinin seriya nominasiyası” adlanır. Söhbət bu qədim marşrut üzərində yerləşən ölkələrin maddi-mədəniyyət abidələrinin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsindən gedir. Bu günə qədər Azərbaycanın 2 abidəsi - Qobustan qayaüstü təsvirləri və İçərişəhər Şirvanşahlar Sarayı Kompleksi və Qız qalası ilə birgə bu siyahıda öz yerini tapıb.
Şahin Mustafayev son illərdə Hindistan, Rusiya, İran, Türkiyə, Koreya Respublikası, İtaliya və digər dövlətlərin UNESCO-nun “İpək Yolu abidələrinin seriya nominasiyası” proqramına böyük maraq göstərdiklərini qeyd edib, bu ölkələrdən bəzilərinin yaxın zamanda proqrama qoşulmağı nəzərdə tutduqlarını deyib.
Akademik AMEA-nın rəhbərliyinin İpək Yolu ilə bağlı təşəbbüsləri dəstəklədiyini vurğulayıb, eyni zamanda, Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi və UNESCO üzrə Milli Komissiyada bu məsələnin dəfələrlə müzakirə edildiyini diqqətə çatdırıb.
O, Azərbaycanın “İpək Yolu” ilə bağlı irimiqyaslı layihələrə qoşulmasının dövlət əhəmiyyətli məsələ olduğunu bildirib. Eyni zamanda, UNESCO-nun layihələrində iştirakın Azərbaycanda ictimai və humanitar elmlərin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.