İdarə rəisi: COP29 zamanı informasiya təhlükəsizliyinin təmin edilməsi üçün mühüm addımlar atılır
Bakı, 6 iyun, AZƏRTAC
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) bu ilin noyabrında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı informasiya təhlükəsizliyinin təmin edilməsi üçün mühüm addımlar atır.
AZƏRTAC xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov “Dövlət Qurumlarının IT rəhbərlərinin IV Zirvə Toplantısı” çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
“COP29 tədbirində bir sıra dövlət qurumları yaxından iştirak edir. Bu beynəlxalq tədbirə hazırlıq çərçivəsində Dövlət Xidməti kompleks tədbirlər həyata keçirir. Bunlara COP29 məlumat bazasının DATA Mərkəzimizdə yerləşdirilməsi, hərtərəfli təhlükəsizlik yoxlamalarının aparılması, mühüm telekommunikasiya problemlərinin həlli və tədbirin keçirilmə ərazisinin “AzStateNet” internet şəbəkəsilə əhatə olunmasının təmin edilməsi daxildir. Biz COP29 komandası ilə daimi koordinasiyadayıq, təhlükəsizlik məsələlərini müzakirə və həll etmək üçün müntəzəm görüşlər keçiririk”, - deyə idarə rəisi vurğulayıb.