“İdarəetmə təhlili” dərsliyi nəşr olunub
Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Mühasibat uçotu və audit kafedrasının professoru, iqtisad elmləri doktoru Fazil Hacıyev və Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Nüşabə Qədimlinin “İdarəetmə təhlili” adlı dərsliyi nəşr olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, dərslikdə iqtisadi təhlilin nəzəri əsasları, mahiyyəti, predmeti, üsulu və növlərindən bəhs edilib. Bununla yanaşı, sənayedə marketinq fəaliyyəti, təşkilat və təsərrüfat subyektlərində məhsul istehsalı və satışı, təşkilatların əsas fondlarla, əmək resursları və xammal materiallarla təmini, məhsulun maya dəyərini xarakterizə edən göstəricilər sistemi və onların dəyişməsinə təsir edən amillər kompleks şəkildə təhlil olunub.
Dərslikdən iqtisadi ixtisaslar üzrə təhsil alan bakalavrlar, magistrantlar, doktorantlar, menecerlər, auditorlar və digər mütəxəssislər istifadə edə bilərlər.
Nəşrin elmi redaktoru UNEC-in professoru Sifariz Səbzəliyev, rəyçilər MDU-nun İqtisadiyyat kafedrasının professoru Füzuli Məmmədov, Mühasibat uçotu və audit kafedrasının dosenti Yəhya Mustafayev, İqtisadiyyat və idarəetmə kafedrasının dosenti Ənvər Sadıqov və MDU-nun İqtisadiyyat kafedrasının dosenti Mehman Hüseynovdur. Dərslik Bakı şəhərində “MSV Nəşr” nəşriyyatında çap olunub, 2 bölmə, 10 fəsil və əlavələrdən ibarətdir. Kitab UNEC ilə MDU arasında əməkdaşlıq çərçivəsində nəşr edilib.