“İdman həftəsi” çərçivəsində stolüstü tennis turniri keçirilib
Bakı, 1 mart, AZƏRTAC
5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə elan olunan “İdman həftəsi” çərçivəsində “Şüa” idman-sağlamlıq kompleksində dövlət qurumlarının qadın əməkdaşları arasında stolüstü tennis turniri keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışda 12 dövlət qurumunun - Xarici İşlər, Müdafiə Sənayesi, Kənd Təsərrüfatı, Mədəniyyət, İqtisadiyyat, Daxili İşlər, Gənclər və İdman, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Ədliyyə nazirliklərinin, eləcə də Milli Arxiv İdarəsinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları iştirak ediblər.
Ümumilikdə 36 nəfərin qatıldığı turnirdə Dövlət Gömrük Komitəsinin əməkdaşı Günel Xanlarova birinci yeri tutub. Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı Ayşən Nadirli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Albina Əliyeva isə müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar.
Yarış Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.