İdxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görülən tədbirlər çərçivəsində “Healty Life” MMC-nin və “Caspi Pharm” MMC-nin Türkiyədən idxal etdiyi bioloji aktiv qida məhsulu partiyalarından Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Müayinələr nəticəsində məhsul partiyalarının normativ sənədlərin tələblərinə cavab vermədiyi məlum olub.
Həmin bioloji aktiv qida məhsulu partiyaları aşağıdakılardır:
1. "Healty Life" MMC-nin idxal etdiyi “Pharmanor İlaç San.Tıc. Ltd.Ştı” müəssisəsinə məxsus 01.02.2024 - 01.02.2027-ci il istehsal və son istifadə tarixli, DNT07 partiya nömrəli ümumi sayı 4 min 500 ədəd “Depovit New, daxilə qəbul üçün məhlul-damcı, 5 ml, flakonda №4” əmtəə nişanlı bioloji aktiv qida məhsulu;
2. "Healty Life" MMC-nin idxal etdiyi “Pharma Standart İlaç Medikal Kozmetik Gıda Sanayi Ticaret Limited Şirketi” müəssisəsinə məxsus 01.12.2023-01.12.2026-cı il istehsal və son istifadə tarixli, ST03 partiya nömrəli ümumi sayı 4 min 500 ədəd “Desol-D3+, daxilə qəbul üçün məhlul-damcı, 5 ml şüşə flakonda №4” əmtəə nişanlı bioloji aktiv qida məhsulu;
3. "Caspi Pharm" MMC-nin idxal etdiyi “Unirex Healthcare Sağlık Sanayi ve Dış Ticaret Limited Şirketi” müəssisəsinə məxsus 01.01.2024-01.01.2027-ci il istehsal və son istifadə tarixli, TM240101 partiya nömrəli ümumi sayı 2 min ədəd “Tiger Man, tablet №10” əmtəə nişanlı bioloji aktiv qida məhsulu.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyaları məhv edilib.