III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarına və təşkilatçılarına
Hörmətli həmkarlar!
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kollektivi və Avrasiya Universitetlər Assosiasiyası adından sizi humanitar problemlərin, qloballaşmaqda olan dünyanın reallıqları nəzərə alınmaqla XXI əsrin perspektivlərinin və çağırışlarının müzakirəsinə həsr edilmiş III Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi ilə əlaqədar səmimi qəlbdən salamlayıram.
Azərbaycan Respublikası inteqrasiya əməkdaşlığının inkişafına yönəlmiş bir sıra mühüm təşəbbüslərin müəllifidir.
Foruma himayədarlıq edən Azərbaycan Respublikası Prezidenti İlham Heydər oğlu Əliyevin yüksək rolunu qeyd etməklə yanaşı, xüsusi vurğulamaq lazımdır ki, Prezidentin dəstəyi və diqqəti Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafına, elmin və təhsilin tərəqqisinə, nüfuzlu, yüksək səviyyəli təhsil müəssisəsinə çevrilmiş Moskva Universitetinin Bakı filialının fəaliyyətinə xidmət edən mühüm amildir.
Gələcəkdə beynəlxalq miqyasda müzakirə edilmək üçün yeni humanitar gündəliyin formalaşması kimi genişmiqyaslı məsələnin həllinə yönəlmiş bu Beynəlxalq Forumun keçirilməsi ölkələrin xalqlarının, yaradıcı ziyalılarının mənəvi dəyərlər ətrafında sıx birləşməsi istiqamətində mühüm addımdır.
Tam əmin olduğumu bildirirəm ki, elm, mədəniyyət, iqtisadiyyat, informasiya və humanitar sahələrdə ən mühüm məsələlərin müzakirəsi, habelə konkret təkliflər hazırlanması xalqların və mədəniyyətlərin dialoquna, dövlətlərin qarşılıqlı fəaliyyətinin ən səmərəli yollarının axtarışına xidmət edəcək, tərəqqiyə və firavanlığa şərait yaradacaqdır.
Əziz həmkarlar, Forumun keçirilməsində sizə uğurlar və yeni yaradıcılıq nailiyyətləri arzulayıram.
V.Sadovniçi
Avrasiya Universitetlər Assosiasiyasının
prezidenti, M.V.Lomonosov adına
Moskva Dövlət Universitetinin rektoru,
akademik