İİV/QİÇS-li xəstələr üçün klinik protokol tərtib olunub
Bakı, 1 may, AZƏRTAC
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti klinik protokol işıq üzü görüb.
Səhiyyə Nazirliyi kollegiyasının 17 mart 2015-ci il qərarı ilə təsdiq olunmuş “İİV/QİÇS-li xəstələrdə opportunistik infeksiyaların profilaktika, diaqnostika və müalicəsi üzrə klinik protokol” qabaqcıl mütəxəssislər tərəfindən tərtib olunub və tibb müəssisələrində İİV/QİÇS-li xəstələrə yardım göstərən həkimlərin istifadəsi üçün nəzərdə tutulub. Klinik protokolun hədəf qrupu İİV/QİÇS-li xəstələrdir.
Klinik protokol İİV/QİÇS-li xəstələrdə opportunistik infeksiyaların diaqnostika, müalicə və profilaktikasının təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb. Sənəd diaqnostika və müalicə sahəsində sübutlu təbabətə əsaslanan müasir praktiki metodları təklif edir. Klinik protokolda İİV/QİÇS-li xəstələrdə erkən diaqnostikanın keyfiyyətinin artırılması, xəstələrin həyat keyfiyyətinin və sosial adaptasiyasının yaxşılaşdırılması məsələlərinə toxunulur.
Sənəd müəyyən tibbi müdaxilələrin effektivliyi üzrə ən etibarlı elmi məlumatlara əsaslanaraq tərtib olunub. Protokolun tərtib edilməsi zamanı işçi qrup ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (Centers for Disease Control and Prevention, CDC), İngiltərə Milli Sağlamlıq və Tibbi Yardım Keyfiyyəti İnstitutu (National Institute for Health and Clinical Excellence, NICE) və Dünya Səhiyyə Təşkilatının (DST) apardığı tədqiqatların nəticələrindən istifadə edib. Artıq klinik protokolun İSİM tərəfindən aidiyyəti tibb müəssisələrinə paylanılmasına başlanılıb.
Mərkəzin məlumatına görə, klinik protokollar hər hansı sindrom zamanı düzgün yardım göstərilməsi ilə bağlı qərar qəbul etməkdə həkimə kömək edən tövsiyələr toplusudur. Məqsəd ən son elmi tədqiqatların nəticələrini gündəlik praktikaya tətbiq etmək, tibb işçilərini pasiyentə rasional yardım göstərməkdə kömək edəcək vəsaitlə təmin etmək və tibbi xidmət göstərilməsində yüksək standartlara nail olmaqdır. Klinik protokollar həkimlərə seçim imkanı verir və hər hansı klinik situasiyada necə hərəkət etməklə bağlı istiqamətverici rol oynayır.
Azərbaycanda klinik protokolların tərtib edilməsi Səhiyyə Nazirliyinin 26 oktyabr 2007-ci il tarixli sərəncamı ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzinə həvalə edilib. Klinik protokolların tərtib olunması Səhiyyə Nazirliyinin 24 noyabr 2008-ci il tarixli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında klinik protokolların tərtib edilmə Qaydaları” əsasında həyata keçirilir. Həmin qaydaların hazırlanması zamanı inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsi və yerli xüsusiyyətlər nəzərə alınır, Rusiyanın sübutlu təbabət üzrə aparıcı mütəxəssislərinin məsləhətlərindən istifadə olunur.
Klinik protokolların tərtib edilməsi üzrə işin aparılması üçün İSİM-də prioritet mövzular seçilir, hər bir mövzu üzrə Azərbaycan Tibb Universiteti və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun professor-müəllim heyəti, Səhiyyə Nazirliyinin baş mütəxəssisləri, peşəkar tibb assosiasiyaları və beynəlxalq təşkilatların nümayəndələri cəlb edilir. Qeyd edək ki, indiyədək ölkəmizdə 50-dən çox klinik protokol tərtib olunub və bu sənədlər Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunub.
Hazırda yeni klinik protokolların hazırlanması işi davam edir.