İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması problemləri tədqiq olunur
Bakı, 12 iyul, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunda İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması problemləri tədqiq olunur.
Bu barədə institutun elmi seminarında məlumat verilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev rəhbərlik etdiyi şöbədə 6 ay ərzində yerinə yetirilən elmi-tədqiqat işləri haqqında məlumat verib. O, cari ildə müasir sosial-iqtisadi və ictimai-siyasi şəraitdə İKT sferasının effektiv infrastrukturunun formalaşması və idarə olunması xüsusiyyətlərinin təhlili və qiymətləndirilməsi, İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması və idarə olunması problemlərinin təhlili, mobil, bulud, süni intellekt texnologiyalarının və kiberfiziki sistemlərin iqtisadi xüsusiyyətlərinin araşdırılması, elmi-texnoloji innovasiyaların tətbiqi məsələləri və kommersiyalaşdırılması proseslərinin idarə olunması problemlərinin tədqiqi və s. mövzular üzrə elmi-tədqiqat aparıldığını bildirib.
Ə.Əliyev İKT sektorunda inkişaf potensialının formalaşdırılmasının innovativ istiqamətləri üzrə göstəricilər və kriteriyaların işlənildiyini bildirib. Müasir sosial-iqtisadi və ictimai-siyasi şəraitdə İKT sferasının effektiv infrastrukturunun formalaşması və idarə olunmasının qiymətləndirilməsi üzrə araşdırmaların davam etdirildiyini diqqətə çatdırıb.
Sonra AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev hesabatla bağlı fikirlərini bölüşərək yerinə yetirilən elmi-tədqiqat işlərinin həm ölkə səviyyəsində, həm də ümummilli anlamda önəmli olduğunu qeyd edib. Akademik növbəti illərdə mobil sistem və texnologiyaların, “Big Data”, bulud, əşyaların interneti, kiberfiziki sistemlər və süni intellekt texnologiyaları iqtisadiyyatı istiqamətində elmi araşdırmaların daha da dərinləşdirilməsini tövsiyə edib.
Sonda hesabatla bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.