İKT sektorunda Azərbaycan-Belarus müştərək müəssisələrinin yaradılması təklif olunur
Bakı, 22 may, Xatirə Cəfərova, AZƏRTAC
Belarus və Azərbaycan arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoru üzrə əməkdaşlıq genişlənir. Buraya məlumat mübadiləsi, əhaliyə elektron xidmətlərin təqdim edilməsi, genişzolaqlı internetə çıxış xidmətləri, kosmik əlaqə, yüksək texnologiyalar parkları və başqa istiqamətlər daxildir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, bu xidmətlərin göstərilməsi sahəsində Azərbaycan-Belarus müştərək müəssisələrinin yaradılması təklif edilib. İKT sferası üçün müxtəlif növ avadanlığın birgə istehsalı məsələsini həyata keçirməyə maraq var. Həmçinin peyklərin resurslarından birgə istifadə də diqqətdədir.
Azərbaycanın ilk peyki olan “Azerspace-1” telekommunikasiya peyki istifadəyə verilib və 2015-ci ilin sonu, 2016-cı ilin əvvəlində Belarus tərəfi də geostasionar orbitə öz süni peykini buraxmağa hazırlaşır. Əməkdaşlığın genişləndirilməsində xüsusi əhəmiyyət daşıyan daha bir sahə texnoparklarla bağlıdır.
Hazırda Belarus Respublikasının milli operatoru “Beltelekom” ilə Azərbaycan Respublikasının milli rabitə operatoru “Aztelekom” arasında sıx əməkdaşlıq mövcuddur. Eyni zamanda, hər iki ölkənin yüksək texnoparkları arasında yaxın əməkdaşlıq əlaqələri qurulub. Əlaqələrin daha da genişləndirilməsi üçün təklif olunan ortaq müəssisələrin yaradılması fikri üzrə müzakirələr aparılacaq.