İKT SEKTORUNDA İSTEHSAL OLUNMUŞ MƏHSUL VƏ GÖSTƏRİLMİŞ XİDMƏTLƏRİN HƏCMİ 44,8 FAİZ ARTMIŞDIR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, bu ilin yanvar-aprelində informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun müəssisələri tərəfindən istehsal olunmuş məhsul və göstərilmiş xidmətlərin həcmi 289,6 milyon manat təşkil edərək 44,8 faiz artmışdır.
Hesablayıcı elektron maşınlarının, informasiyanı işləmək üçün digər avandanlığın istehsalında artım 3,8 dəfə, ötürücü cihazların istehsalında 2,8 dəfə, nəzarət-ölçü cihazlarının istehsalında 2,7 dəfə, texnoloji proseslərin tənzimlənməsi və nəzarət cihazlarının quraşdırılmasında 2,6 dəfə olmuşdur. Elektrik məişət mallarının və radio-televiziya aparatlarının topdan satışında 2,3 dəfə, kompyuter və kompyuter periferiya avadanlığının topdan satışı və proqram təminatında 91,3 faiz , məlumat bazaları ilə əlaqədar fəaliyyətdə 2,6 dəfə, hesablama texnikasının və ofis maşınlarının təmiri, onlara texniki xidmət göstərilməsində 10,7 dəfə, digər məsləhətlər və proqram təminatında 2,3 dəfə, elektrik rabitəsində 42 faiz, elektron və radioelementlərin istehsalında 2,5 dəfə artım olmuşdur.
Bu sahədə çalışmış işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq 20,8 min nəfər olmuş, onların orta aylıq əmək haqqı isə 28,8 faiz artaraq 347,1 manat təşkil etmişdir.