ELM VƏ TƏHSİL
İlahiyyat İnstitutunun heyəti BDU-nun Qazax filialında olub






Bakı, 10 may, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tərəfindən orta məktəblərin yuxarı sinif şagirdləri üçün məlumatlandırma tədbirləri çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında müəllim və tələbə heyəti ilə görüş təşkil edilib.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, görüşdə BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov ölkəmizdə uğurlu təhsil siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda isə bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb.
Direktor Azərbaycanda dövlət-din münasibətlərindən bəhs edərək, bu sahənin ölkə rəhbərinin daim diqqət mərkəzində olduğunu diqqətə çatdırıb. Ölkəmizdə ekstremizmə, fanatizmə, radikalizmə və digər dini cərəyanlara qarşı məqsədyönlü işlərin görüldüyünü vurğulayıb. Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən İlahiyyat İnstitutunun yaradılmasını bu sahədə atılan ən uğurlu addım kimi dəyərləndirib.
Aİİ-nin rektoru Ceyhun Məmmədov çıxışında bildirib ki, görüşün əsas məqsədi institut haqqında məlumat vermək, eyni zamanda, 2019-2020-ci tədris ili üçün ali təhsil ocağına yüksək intellektli və savadlı gənclərin cəlb olunması məqsədilə maarifləndirici məlumatlar çatdırmaqdır. Ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verilir.
Tələbələrə tədrislə yanaşı, təlim və tərbiyə verilməsinin böyük önəm daşıdığını qeyd edən rektor bu sahədə institutun kollektivi tərəfindən mühüm işlər görüldüyünü diqqətə çatdırıb.
Aİİ-nin ilahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov ali təhsil müəssisəsinin tədris prosesi, keçirilən fənlər haqqında məlumat verib. Ən gənc ali təhsil ocağı olmasına baxmayaraq, institutda 100-dən çox tələbənin təhsil aldığını nəzərə çatdırıb. Bir yaşını qeyd edən ali təhsil ocağında tələbələrin bilikli, savadlı, intellektli, ən əsası, peşəkar mütəxəssis kimi yetişmələri üçün müvafiq şəraitin yaradıldığını bildirib.
Aİİ-nin magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. İnstituta qəbul olunmuş hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacağını bildirib. Bundan başqa, tələbələrin ödənişsiz geyim və yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqlarını qeyd edib.