ELM VƏ TƏHSİL
İLHAM İSMAYIL OĞLU ƏLİYEV
Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan Memarlar İttifaqının prezidenti, əməkdar memar, Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının akademiki İlham İsmayıl oğlu Əliyev 2002-ci il dekabrın 12-də ömrünün 69-cu ilində vəfat etmişdir.
İlham Əliyev 1934-cü il aprel ayının 7-də Bakı şəhərində anadan olmuşdur. O, 1959-cu ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq şöbəsini bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda əmək fəaliyyətinə başlayaraq, ömrünün 30 ilini bu institutla bağlamış və burada kiçik elmi işçi, baş elmi işçi, şəhərsalma şöbəsinin müdiri, institutun elmi katibi və direktor müavini vəzifələrində çalışmışdır. 1966-cı ildən Azərbaycan Memarlar İttifaqının üzvü olan İlham Əliyev 1992-ci ildən ömrünün sonunadək bu ittifaqa rəhbərlik etmişdir. Azərbaycan Memarlar İttifaqı onun başçılığı altında öz fəaliyyətini müstəqil Azərbaycan Respublikasında gedən proseslərə və beynəlxalq standartlara uyğun şəkildə quraraq milli memarlıq məktəbinin zəngin irsinin və bugünkü nailiyyətlərinin dünyada tanınmasında mühüm rol oynamışdır.
İlham Əliyev bütün həyatı boyu şəhərsalma problemlərinin elmi və praktiki aspektləri ilə ardıcıl şəkildə məşğul olmuşdur. O, 1964-cü ildə Moskvada aspiranturanı bitirmiş, müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edərək Azərbaycanda şəhərsalma üzrə ilk elmlər namizədi olmuşdur. Yüzə yaxın müxtəlif layihə və elmi işin müəllifi olan memarın proyektləri əsasında tikilən və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən memarlıq əsərləri ona şöhrət gətirmişdir. İlham Əliyevin təqdim etdiyi layihələr dəfələrlə respublika və beynəlxalq baxış müsabiqələrində birinci yer tutmuş, müxtəlif diplom və medallara layiq görülmüşdür. O, Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, İspaniya, Çin, Gürcüstan və bir sıra digər ölkələrdə keçirilən elmi konqres, simpozium və konfranslarda ölkəmizi ləyaqətlə təmsil etmişdir.
Tanınmış memarın elmi pedaqoji fəaliyyəti də təqdirə layiqdir. Bir çox illər ərzində o, Azərbaycan Memarlıq və İnşaat Universitetində dövlət imtahan komissiyasının sədri kimi gənc memarlar nəslinin yetişdirilməsində səmərəli fəaliyyət göstərmişdir.
İlham Əliyevin xidmətləri yüksək qiymətləndirilmişdir. O, “Azərbaycanın əməkdar memarı” fəxri adına layiq görülmüş, “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Səmimi və qayğıkeş insan İlham İsmayıl oğlu Əliyevin işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
Heydər Əliyev, Murtuz Ələsgərov,
Artur Rasizadə, Ramiz Mehdiyev,
Elçin Əfəndiyev, Abid Şərifov,
Mahmud Kərimov, Hacıbala Abutalıbov,
Fatma Abdullazadə, Nizami Xudiyev,
Şair Həsənov, Ömər Eldarov,
Gülçöhrə Məmmədova, Rasim Əfəndiyev,
Davud Axundov, Şamil Fətullayev,
Tahir Abdullayev, Hafiz Əmirxanov,
Elbəy Qasımzadə, Erkin Ələsgərov,
Rasim Əliyev, Tələt Xanlarov,
Yuzef Qədimov.
X X X
Mərhumun cənazəsi vidalaşmaq üçün 2002-ci il dekabrın 13-də saat 12.00-dan 14.00-dək Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının binasında (Rəşid Behbudov küçəsi, 12) qoyulacaqdır.