İLİN BİRİNCİ YARISINDA ƏHALİNİN PENSİYA VƏ MÜAVİNƏTLƏRİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ BAŞA ÇATMIŞDIR
Azərbaycan Prezidenti Heydər Əliyevin həyata keçirdiyi sosial-iqtisadi islahatların başlıca məqsədi əhalinin aztəminatlı təbəqələrinin müdafiəsini daha da gücləndirməkdən ibarətdir. Ölkəmizin başçısının bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində əhalinin pensiya və müavinətlərinin vaxtında maliyyələşdirilməsi üçün ciddi tədbirlər həyata keçirilir. Dövlət Sosial Müdafiə Fondundan AZƏRTAC-a bildirmişlər ki, işləməyən əhaliyə pensiya və müavinətlərin 2003-cü ilin iyun ayı üçün maliyyələşdirilməsi tam başa çatdırılmışdır. Bütövlükdə bu məqsəd üçün cari ilin altı ayı ərzində 757 milyard manat vəsait köçürülmüşdür ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 111,5 milyard manat və ya 17,4 faiz çoxdur. Bu ilin birinci yarısında Fondun gəlir və xərclər üzrə göstəriciləri ötən ilin eyni dövrü ilə müqayisədə xeyli yüksəlmişdir. Belə ki, bu ilin altı ayı ərzində gəlirlər 837 milyard manat təşkil etmiş, nəzərdə tutulmuş proqnoza 103,6 faiz əməl olunmuşdur. Gəlirlərin tərkibində məcburi dövlət sosial sığorta haqları 511 milyard manat təşkil etmiş, yarım illik proqnoza 106,1 faiz əməl olunmuşdur. Dövlət büdcəsindən transfert şəklində ayırmaların məbləği 326 milyard manat təşkil etmişdir. Məcburi dövlət sosial sığorta haqları üzrə toplanmış vəsaitin 168 milyard manatı (32,8 faizi) büdcədən maliyyələşən təşkilatlardan, 343 milyard manatı isə (67,2 faizi) qeyri-büdcə təşkilatlarından daxil olmuşdur. 2002-ci ilin müvafiq dövrü ilə müqayisədə bu il qeyri-büdcə təşkilatlarından daxilolmalar 73,2 milyard manat və yaxud 27,1 faiz çoxdur. Transfertin məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 milyard manat və yaxud 1,4 faiz çox olmuşdur. Toplanmış məcburi dövlət sosial sığorta haqlarının tərkibində özəl sektorun da xüsusi çəkisi artır. Eyni zamanda məcburi dövlət-sosial sığorta haqları üzrə yaranmış borcların ödənilməsi istiqamətində Fond tərəfindən həyata keçirilən tədbirlər gəlirlərin artmasına öz təsirini göstərmişdir.