İlin gənci: Dövlətin gənclərə göstərdiyi diqqət bizlərə böyük motivasiya verir
Bakı, 5 fevral, AZƏRTAC
Gənclər və İdman Nazirliyi Azərbaycan Gəncləri Günü münasibətilə xüsusi fərqlənən gəncləri “İlin gənci” mükafatına layiq görüb. Bu gənclər arasında hüquqşünas, Almaniyada DAAD təqaüdü ilə Kil Universitetində magistr təhsili alan Rəhim Abbasov da var. Gənc hüquqşünas, “İlin gənci” mükafatçısı Rəhim Abbasov AZƏRTAC-a müsahibəsində öz təəssüratlarını bölüşüb.
O bildirib ki, bu mükafata layiq görülən gənclər arasında olmaq qürurvericidir. Mükafatın qalib xalqın vətəndaşı kimi müstəqil Azərbaycanda qazanılması xüsusi əhəmiyyət kəsb edir. Dövlətin qayğısı ilə yanaşı fəallıq göstərən gənclərə ayırdığı diqqət bizlərə motivasiya verir. Bu mükafatın qazanılmasında yalnız mən deyil, təmsil etdiyim beynəlxalq təşkilatların və mənimlə birgə fəaliyyət göstərən dostlarımın da əməyi var.
Bakı Dövlət Universitetinin Hüquq fakültəsindəki dörd illik təhsilini fərqlənmə diplomu ilə bitirən, hazırda Almaniyanın tanınmış ali təhsil müəssisələrindən olan Kil Universitetində beynəlxalq hüquq üzrə magistr təhsili alan Rəhim Abbasov deyib: “Hazırda təhsilimi Almaniyanın məşhur beynəlxalq hüquq təhsili verən universitetlərindən birində DAAD təqaüdçüsü kimi davam etdirirəm. Mən, eyni zamanda, bu təqaüdə dünyada layiq görülən iki hüquqşünasdan biriyəm. Burada təhsil aldığım müddətdə öyrəndiyim bilikləri Azərbaycanda istifadə etməyi səbirsizliklə gözləyirəm. Düşünürəm ki, belə təqaüdlərin əsas məqsədi Almaniyada formalaşan bilik və bacarıqları ölkəmizdə daha yaxşı formada inkişaf etdirməkdir.
Qeyd etmək lazımdır ki, Vətən müharibəsində Azərbaycanın şanlı Qələbəsindən sonra Avropada ölkəmizə qarşı ikili standartların tətbiqi özünü büruzə verir və bu məni çox məyus edir. Almaniyada xəbərləri izləyərkən ölkəmiz barədə şayiələrin yayılması bizi kədərləndirir. Bu işlər hazırda özünü daha çox büruzə verir. Belə ki, AŞPA-nın ölkəmizin etimadnaməsini qəbul etməməsi, həmçinin alman diplomatın ölkəmizə qarşı etirazını bildirməsi ikili standartların əyani sübutudur. Zənnimcə, xaricdə təhsil alan gənclər bu məsələlərlə bağlı mübarizə aparmaq üçün diaspor fəaliyyətini artırmalıdır. Eləcə də beynəlxalq arenada diaspor fəaliyyətinin artırılması istiqamətində daha çox çalışmalıyıq. Biz gənclərin əsas fəaliyyəti Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məqsədilə tədbirlərin, konfransların keçirilməsi və ictimai şüurun formalaşdırılması olmalıdır”.
Almaniyada magistr pilləsini bitirdikdən sonra akademik fəaliyyətini doktorantura təhsili ilə davam etdirmək istəyən gənc hüquqşünas ölkəmizdə pedaqoji sahədə çalışmaq istədiyini də söyləyib. O doğma Vətənində təhsil alan hüquqşünas tələbələrə öz akademik fəaliyyəti ilə dəstək olacağını bildirib.
Təhsil sahəsində uğur qazanmasında Bakı Dövlət Universitetinin böyük rolu olduğunu xüsusi vurğulayan mükafatçı gənclərə daim iradəli olmağı, öz gələcək fəaliyyət planlarını qurmağı və ona uyğun strateji vəzifələri həyata keçirməyi tövsiyə edib.
Sonda R.Abbasov mükafata görə dövlətimizə bir daha minnətdarlıq edib, ona göstərilən etimadı doğruldacağını bildirib.