İmadəddin Nəsimi xalqımızın ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustasıdır
Şəki, 16 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi xalqımızın ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biri olaraq, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalıb və bədii söz sənətinin son dərəcə qiymətli incilərini yaradıb. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olan, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilən ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə Şəki Şəhər Mədəniyyət Mərkəzində keçirilən “Cahana sığmayan şair” adlı ədəbi-bədii tədbirdə səsləndirilib.
Tədbiri Mədəniyyət Mərkəzinin bədii rəhbəri Rəşad Rüstəmov açaraq, Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Nəsimi ili” elan edildiyini, bu münasibətlə respublika daxilində və xarici ölkələrdə silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Bildirilib ki, Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edib. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərib.
Tədbirdə “Nəsimi” filmindən fraqmentlər nümayiş etdirilib, şairin yaradıcılığına aid şeirlər söylənilib, “Neylərəm”, “Yox-yox”, “Eylərəm” və digər qəzəllərinə bəstələnən mahnılar ifa olunub.