İmişlidə Birinci Qarabağ müharibəsinin itkin şəhidi Mürşüd Nərimanovla vida mərasimi keçirilib
İmişli, 21 avqust, AZƏRTAC
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Nərimanov Mürşüd Nadir oğlu İmişli rayonunda dəfn olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə itkin şəhidlə vida mərasimi olub, cənazə namazı qılınıb. Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra itkin şəhid hərbi orkestrin və yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri və yaxınları onun məzarı önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Qeyd edək ki, Mürşüd Nərimanov 1963-cü ildə İmişlinin Məzrəli kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə yollanıb. 1994-cü ildə Ağdam rayonunun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb. Mürşüd Nərimanov Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan şəhidlərdən biridir.
Müxbir - Aydın Yavərzadə