Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində yeni istehsalat emalatxanaları yaradılıb
Naxçıvan, 21 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə bp şirkəti arasında bu il aprelin 10-da imzalanmış əməkdaşlıq sazişi çərçivəsində Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində iki yeni “Elektronika və kommunikasiya sistemlərinin istismarı” və “Avtoservis” emalatxanaları yaradılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ️emalatxanalar müasir avadanlıqlarla təchiz edilərək tələbələrin nəzəri biliklərini praktiki bacarıqlara çevirməsi üçün əlverişli tədris mühiti ilə təmin olunub.
Emalatxanalarda müəllimlər üçün iş masaları, yanacaq sistemi, hidravlik və mexaniki sükanlar, elektromaqnit, birbaşa cərəyan mühərriki və birfazalı transformator modelləri, elektrik quraşdırma təlim dəstləri, elektrik quraşdırmasına nəzarət-test cihazları, iş dəzgahları, günəş və külək enerjisi, dövrə analizi üzrə təlim dəstləri və digər müasir avadanlıqlar quraşdırılıb.
2026–2027-ci tədris ilinin qəbul planında nəzərdə tutulan müvafiq ixtisaslar üzrə təhsil alacaq 100-dən çox tələbənin təcrübə dərslərində yeni emalatxanaların imkanlarından istifadə etməsi nəzərdə tutulur. Müasir avadanlıqlarla təchiz edilmiş emalatxanalar tədrisin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin praktiki bacarıqlarının inkişafına, əmək bazarının tələblərinə uyğun peşəkar kadr hazırlığının gücləndirilməsinə və onların gələcək məşğulluq imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcək.
Qeyd edək ki, əməkdaşlıq sazişi çərçivəsində Heydər Əliyev adına tam orta məktəbdə və Naxçıvan Qızlar Liseyində də yeni laboratoriyalar yaradılıb. Sazişə əsasən muxtar respublikanın ümumtəhsil müəssisələrində çalışan 30 nəfər perspektivli və metodoloji dəstəyə ehtiyacı olan ingilis dili müəlliminin ixtisasartırma və təlim proqramlarına cəlb olunması, eləcə də riyaziyyat, informatika, fizika və kimya fənləri üzrə istedadlı şagirdlərin müəyyənləşdirilməsi və onların yerli və beynəlxalq olimpiadalara hazırlığının dəstəklənməsi istiqamətində tədbirlər həyata keçirilir.
Müxbir- Nail Əsgərov