Budapeştdə 20 Avqust bayramı atəşfəşanlıqla qeyd olunub
Budapeşt, 21 avqust, AZƏRTAC
Budapeştdə Macarıstanın milli bayramı – 20 Avqust münasibətilə Dunay çayı boyunca möhtəşəm atəşfəşanlıq proqramı təşkil edilib.
AZƏRTAC xəbər verir ki, bu il paytaxtın səmasında ənənəvi fişənglərə genişmiqyaslı dron nümayişi, lazer effektləri və tarixi mövzuları əks etdirən işıq proyeksiyaları əlavə olunub. Minlərlə insan bayram proqramını izləmək üçün Dunayın hər iki sahilində, xüsusilə parlament binası və şəhər mərkəzi ətrafında toplaşıb.
Əsas şou axşam saat 21:00-dan sonra başlayıb. Macarıstan parlamentinin və digər mühüm binaların fasadlarına ölkənin tarixindən səhnələr proyeksiya edilib. Təqdimatda Karpat hövzəsinin təbiəti, macarların bölgəyə gəlişi, dövlətin yaranması, azadlıq və işıq mövzuları canlandırılıb. Feszty panoramından, Tacqoyma Mantiyasından, orta əsr möhürlərindən və medalyonlardan, həmçinin məşhur macar rəssamlarının əsərlərindən ilhamlanan təsvirlər nümayiş etdirilib.
Təxminən 2 min dron gecə səmasında müxtəlif fiqurlar və obrazlar yaradaraq işıq şousunu tamamlayıb. Təşkilatçılar bu il daha təvazökar proqram vəd etsələr də, ənənəvi elementləri müasir texnologiyalarla birləşdiriblər. Atəşfəşanlığın özü əvvəlki illərlə müqayisədə qısa olub və təxminən 10 dəqiqə davam edib. Güclü küləyə və şimşək çaxmasına baxmayaraq, hava şəraiti əsas proqramın keçirilməsinə mane olmayıb. Tədbirdən sonra böyük izdiham səbəbindən şəhər nəqliyyatında, o cümlədən M2 metro xəttində müvəqqəti məhdudiyyətlər yaranıb. İşıq şousunun bir hissəsi izdihamdan yayınmaq istəyən tamaşaçılar üçün gecənin sonrakı saatlarında təkrar nümayiş etdirilib. Lakin atəşfəşanlıq və dron proqramı yenidən təkrarlanmayıb.