İmişlidə hüquqi maarifləndirmə tədbiri keçirilib
Bakı, 26 aprel, AZƏRTAC
“Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir” adlı layihə təşkil edilib.
Bu barədə AZƏRTAC-a Vəkillər Kollegiyasının mətbuat xidmətindən məlumat verilib.
Layihə çərçivəsində Yeni Azərbaycan Partiyasının İmişli Rayon Təşkilatının inzibati binasında “Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi dəstək” adlı tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası İmişli Rayon Təşkilatının sədri Səfa Ağayev, İmişli Rayon İcra Hakimiyyətinin ictimai-siyasi humanitar məsələlər şöbəsinin müdir müavini Rüfət Muradov, İmişli İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İltizam Quliyev, “Müasir İnternet Resursların İnkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri Zamin Zeynal, Birliyin sədr müavini Sərvaz Hüseynoğlu, Hüquq departamentinin rəhbəri Nicat Cəfərov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının 38 saylı Vəkil Bürosunun rəhbəri Orxan Mahmudov, vəkil Elşad Daşdəmirov, İmişli Vəkil Bürosunun əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları çıxış ediblər.
Bildirilib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizin həssas təbəqəsi olan şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət və dövlət qayğısı uğurla davam etdirilir.
“Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin sədri Zamin Zeynal qeyd edib ki, layihəni həyata keçirməkdə əsas məqsəd qalib Prezident İlham Əliyevin sosial siyasətinə ictimai, hüquqi dəstək göstərməkdir.
İB sədri deyib ki, sözügedən layihənin icra planına uyğun olaraq Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının 38 vəkil bürosunun vəkilləri ilə birlikdə İmişli rayonunda şəhid ailələrini və müharibə iştirakçılarını narahat edən sosial, hüquqi problemlərə kömək olmaq məqsədilə hüquqi maarifləndirmə tədbiri keçirilib.
Müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, pul tələbi, kredit mübahisəsi, diplom təsdiqi, torpaq mübahisələri, əlilliyin təyin olunması, aliment tələbi və digər sosial məsələlərlə bağlı olub.