İmişlidə səyyar sosial-məişət xidməti göstərilən Bəsti Səfərova evdə ziyarət edilib
Bakı, 11 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları İmişli şəhərində Bəsti Əmirxan qızı Səfərovaya baş çəkib, sosial vəziyyəti ilə maraqlanıblar.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əməkdaşlar onu 75 yaşı olması münasibətilə təbrik edib, xoş arzularını bildiriblər.
Ömrünün ixtiyar çağlarını yaşayan Bəsti xanıma cansağlığı və uzun ömür arzu edən əməkdaşlar bundan sonra da onun dövlətin qayğısı ilə əhatə olunacağını söyləyiblər. 2022-ci ildən agentliyin sosial xidmətçisi tərəfindən evdə sosial-məişət xidməti göstərilən Bəsti Səfərova ona göstərilən dövlət qayğısına görə təşəkkürünü bildirib.
Qeyd edək ki, hazırda Sosial Xidmətlər Agentliyi tərəfindən respublika üzrə 4125 ahıl və əlilliyi olan şəxsə səyyar sosial-məişət xidməti göstərilir.