İNGİLİS DİLİ MÜƏLLİMLƏRİNƏ SERTİFİKATLAR TƏQDİM EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 11-də “Park İnn - Azərbaycan” mehmanxanasında Təhsil Nazirliyi və “British Counsil” ilə birlikdə ingilis dili təlim kursunun birinci mərhələsini uğurla bitirmiş müəllimlərə sertifikatlar verilmişdir.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov demişdir ki, “British Counsil” ilə birlikdə Azərbaycanın məktəblərində xarici dilin tədrisinin keyfiyyətini yüksəltmək üçün təşkil olunan bu kurslar xüsusi əhəmiyyətə malikdir. Nazir Azərbaycanın məktəblərində ingilis dilinin tədrisi metodikasından narazı qaldığını bildirərək, təhsil ocaqlarında xarici dilin müasir metodlarla tədrisinə xüsusi fikir veriləcəyini söyləmişdir. Bu məqsədlə dünyanın aparıcı ölkələrinin təcrübəsi öyrənilmişdir.
“British Counsil”in Azərbaycandakı direktoru Nikol Le Os De Lalüvye müasir dövrdə ingilis dilini mükəmməl səviyyədə öyrənməyin vacib xüsusiyyətlərindən danışmışdır. O demişdir ki, Azərbaycanın gələcəyi olan uşaqların ingilis dilini müasir metodikalarla öyrənməsi üçün müəllimlərin biliklərinin artırılması çox vacibdir. “British Counsil”in direktoru bu kursların Azərbaycanda mükəmməl kadrların hazırlanmasına öz töhfəsini verəcəyinə əminliyini bildirmişdir.
Daha sonra bir həftəlik təlim kursunda iştirak etmiş 7 pilot məktəbinin 28 müəlliminə sertifikatlar təqdim olunmuşdur.
Müasir təlim metodlarını təqdim edən bu kurslarda Bakının aparıcı 60 nəfər ingilis dili müəllimi iştirak edir. Müəllimlərin digər qrupunun kurslarda iştirakı sentyabrda nəzərdə tutulmuşdur.